Cari ilin birinci yarısı ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Heydər Əsədov vurğulayıb.
Nazirin sözlərinə görə, cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam edib, 2,3 milyard manat məhsul istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir.
“Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunub.
Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olub. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil edib”, - Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan “kənd təsərrüfatı siyasətinin dəyəri” indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlib.