Yeddi ay ərzində əhali istehlak bazarından 11.8 milyard manatlıq istehlak malları alıb və göstərilmiş xidmətlərin müqabilində 3532.4 milyon manat ödəyib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.1 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3.5 faiz, qeyri-ərzaq mallarının satışı 15.0 faiz, pullu xidmətlərin həcmi 6.6 faiz artıb. 2014-cü ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1350.0 min manatlıq qeyri-ərzaq malları və 145.6 min manatlıq ərzaq məhsulları satılıb.
İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, ucuzlaşıb, xidmət tarifləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.4 faiz bahalaşıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az