İtaliya-ABŞ şirkəti “Fiat Chrysler” və Fransanın “Renault” korporasiyasının birləşməsi üzrə aparılan danışıqlarda “irəliləyiş” var.
Oxu.Az bildirir ki, bu barədə “The Financial Times” bir neçə məlumatlı mənbəyə istinadən yazır.
Nəşrin məlumatına əsasən, avtomobil istehsalçıları struktur məsələlərini birgə həll etməyə çalışırlar. Lakin mənbələr bildiriblər ki, danışıqlar hələ bitməyib və saziş istənilən an pozula da bilər.
“Reuters” da öz mənbələrinə istinadən, “Fiat Chrysler” və “Renault” arasında danışıqların aparıldığını bildirir. Agentlik söhbətin “hərtərəfli qlobal birləşmədən” getdiyini vurğulayır.