"KOB klaster şəhadətnaməsi" almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laborotoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
Müraciətlər KOBİA-nın info@smb.gov.az elektron poçt ünvanı və ya rəsmi internet səhifəsi (https://smb.gov.az/az/contact-form/aze-citizen) vasitəsilə qəbul edilir.
Hüquqi və fərdi sahibkar olan KOB subyektləri KOB klasterin iştirakçısı olmaqla aşağıdakı üstünlüklərdən yararlana bilərlər:
- KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim edilən mallardan əldə olunan mənfəət və ya gəlirin biznesin inkişafına yönəldilərək kapital xarakterli xərclərə sərf edilən hissəsi üzrə yeddi il müddətinə mənfəət (gəlir) vergisindən azad olma;
- KOB klaster şirkətinin istehsal və təchizat zəncirinə qoşulmaqla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
- məhsul və xidmətlər üçün yeni bazar imkanlarını genişləndirmək;
- rəqabət qabiliyyətini artırmaq;
- istehsal və xidmət keyfiyyətini yüksəltmək;
- satış və istehsal həcmini artırmaq üçün yeni imkanlar qazanmaq.
