Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həyata keçirə bilər. Bu halda manat mərhələlərlə ucuzlaşa bilər.
Sual yaranır: manat ucuzlaşdığı təqdirdə bu əhalinin banklardakı əmanətlərinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı Oxu.Az ölkə ekspertlərinin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Fərhad Bayramoğlunun sözlərinə görə, əslində manatın mərhələli şəkildə ucuzlaşdırılması hazırkı iqtisadi şərtlər daxilində arzuediləndir:
“Çünki, istər Mərkəzi Bankın müdaxilə xərclərinin çoxalması istərsə də ixrac qabiliyyətli məhsul istehsalını gücləndirmək istəyən Azərbaycan iqtisadiyyatı üçün zəruri bir addımdır. Təbii ki burada söhbət yumşaq devalvasiyadan gedir. Əgər manatın “yumşaq ucuzlaşması” baş verərsə birinci onu gözləmək lazımdır ki, ABŞ dollarına olan tələb yüksələcəkdir. Digər tərəfdən manatın ucuzlaşması Banklara qoyulan əmanətlərin qısa müddətli dövrdə dəyər itirməsi deməkdir”.
Öz növbəsində, manat ucuzlaşarsa bankda 20 000 manatı olan şəxsin əmanətini hansı aqibət gözləyir? sualını isə ekspert bu cür izah etdi:
“Məlum məsələdir ki, müddətli olaraq banklara yerləşdirilən əmanətlərin əvvəlcədən müəyyən olunmuş faiz dərəcələrinə görə illik dividend, başqa bir sözlə gəlir əldə edirlər. Lakin manatın devalvasiyası həyata keçəcəyi təqdirdə satın alma gücü zəifləyəcəkdir. Məsələn, 20 000 manatı 10% ilə banka əmanət olaraq yerləşdirən müştərinin il sonunda 2000 manat dividend gəliri əldə edəcəyi gözlənilir. Bu isə nominal ifadə ilə təxminən 2565 ABŞ dolları deməkdir. (1 dollar = 0.78 manat) Lakin manat ucuzlaşacağı təqdirdə, məsələn, 1 dollar = 0.85 manat olarsa, o zaman müştərinin 2000 manat dividend gəliri nominal ifadədə ABŞ dolları ilə 2353 təşkil edəcəkdir.
Digər tərəfdən aydın məsələdir ki, devalvasiya olacağı halda inflaysiyanın həddi də bir neçə faiz bəndi yüksələ bilər ki, bu zaman da əmanətlərə ikinci bir, belə demək mümkünsə “zərbə” dəyə bilər. Ona görə də növbəti ildə əmanətçilərin eyni faiz dərəcəsi ilə banklara öz əmanətlərini yerləşdirməsi cəlbedici olmaya bilər. Amma bu heç də manatın ucuzlaşmasının aparılmaması mənasını daşımır. Çünki Mərkəzi Bankın müdaxilə xərcləri hər keçən gün daha da artmaqdadır və bu isə o deməkdir ki, əgər hazırkı iqtisadi şərtlər davam edərsə Mərkəzi Bankın valyuta ehtiyatları yaxın 1-2 il ərzində xeyli tükənə bilər. Ancaq ümid edirik ki, bütün bunlar ciddi nəzarət altındadır və sözügedən qurum da bundan ətraflı xəbərdardır”- deyə, ekspert bildirdi.
Ekspert Elçin Bayramlının sözlərinə görə, ilk yarımildə manatın ucuzlaşması gözlənilmir, amma ucuzlaşdığı təqdirdə bu, əmanətlər üçün sərfəli olmayacaq:
“Manat ciddi ucuzlaşmayacaq və ucuzlaşdığı təqdirdə bu, kredit götürənlərə sərf etsə də, əmanət və ya depozit qoyanlara əlverişli olmayacaq. Banklara təsiri isə onların valyuta portfelini və faizləri necə tənzimləməsi ilə bağlı olacaq. Manat çox ucuzlaşsa, Mərkəzi Bank çox güman uçot dərəcəsini qaldıra bilər”.
İqtisadçı Cəfər İbrahimli isə fərqli yanaşma ortaya qoyur:
“Hər hansı investisiya həyata keçirilirsə, (Əmanət qoymaq da bir investisiyadır) bu investisiyanın müəyyən riski var və bu riskin maliyyəti faiz dərəcəsinin içərisindədir. Hansı valyutada və hansı faiz dərəcəsi ilə vəsaitinizi yerləşdiribsizsə, o valyuta ilə əsas vəsaitinizi və faiz gəlirinizi alacaqsınız.
Hansısa valyutanın dəyərinin qalxması və ya düşməsinin bankla birbaşa əlaqəsi olmadığı üçün bunun indeksasiyasından da söhbət gedə bilməz, amma manatın digər valyutalar qarşısında dəyər itirməsi inflyasiya yarada bilər və manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi və ya dəyər itirməsi olaraq meydana çıxar”- deyə, o bildirir.
Öz növbəsində iqtisadçı Pərviz Heydərov məsələ ilə bağlı Oxu.Az-a bildirdi ki, bankların əhaliyə əmanətlərini yerləşdirərkən qabaqcadan hamıya bəlli olan müvafiq təkliflər paketindən kənarda hər hansı “məsləhətlərdə” bulunması qeyri-qanunidir:
“Belə hallar varsa bu, qeyri-likvid banklara aiddir və vətəndaşlar bu cür banklarda əmanət yerləşdirməkdən ümumiyyətlə, uzaq olmalıdırlar... O ki qaldı, bankda 5000, 10 000, 20 000 min manatı olan şəxsin əmanətini “manat ucuzlaşdıqda” hansı aqibət gözləməsinə, milli valyutamızın göstərilən məbləğdə əmanətlərin dəyərinə zərər vuracaq qədər ucuzlaşması baş verə bilməz. Əgər, bu real olsa belə, hökumətin müvafiq dəstəyi ilə depozitlərin indeksasiyası həyata keçirilə bilər”.
Pərviz Heydərov bildirir ki, Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həyata keçirsə, bu ilk növbədə istehlakçılara təsir göstərəcək, buna görə, bank hələlik buna getmir:
“Manatın ucuzlaşması heç bir halda heç bir tərəfə üstünlük yarada bilməz. Bizdə bu gün manat möhkəm saxlanıldığı təqdirdə belə, banklar tərəfindən verilən təminatsız kreditlər 30-35 faizlə təklif edilir. Banklar onlara olan kredit borclarına görə, manatın dəyəri düşərsə bunu “sükutla” qarşılayası deyillər. Təbii ki, adekvat tədbirlər görüləcək. Faizlərin qaldırılması və sair.
Ümumiyyətlə, istənilən halda devalvasiya həyata keçirilərsə zərbə istehlakçı kütləsinə dəyəcək... Mərkəzi Bank ötən 2 ayda 2 milyarddan çox vəsait itirib. Bununla belə, istehlakçıları nəzərə alaraq, hələki yumşaq məzənnə siyasətinə getmək fikrində deyil”.
Ülviyyə R. Əli
www.oxu.az