Bank sisteminin Azərbaycan Mərkəzi Bankından (AMB) alınan kreditlər üzrə öhdəlikləri cari ilin yanvar-may aylarında azalıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, iyun ayının 1-nə yenidənmaliyyələşdirmə çərçivəsində kommersiya banklarına 3 milyard 139 milyon 100 min manat mərkəzləşdirilmiş kredit verilib. Bu da ilin əvvəli ilə müqayisədə 27,6 milyon manat azdır.
Azalma yanvar-aprel aylarında qeydə alınıb. Mərkəzi Bankın faiz dərəcəsini 4,75%-dən 4,25%-ə endirməsindən sonra mayda aprel ayı ilə müqayisədə yenidənmaliyyələşdirmənin həcmi 15,1 milyon manat artıb.
Ötən ilin may ayı ilə müqayisədə mərkəzləşdirilmiş kreditlərin həcmi 251,3 milyon manat artıb.
Mərkəzi Bankdan alınan kreditlər bankların 18 milyard 468 milyon manat olan cəmi öhdəliklərinin 17%-nə bərabərdir. Mayda bankların müştərilərə verdiyi kreditlərdə mərkəzləşdirilmiş kreditlərin payı 20,6% təşkil edib.
Mərkəzi Bank likvidliyin idarə edilməsi üzrə ilk 4 ayda 3 milyard 317 milyon manatlıq 1 günlük REPO əməliyyatları, 35 milyon manatlıq isə əks-Repo əməliyyatları həyata keçirib. Mayda REPO əməliyyatı olmayıb. Notlar üzrə əməliyyatların həcmi isə 490 milyon manat olub.