Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, iclasda qeyd olunub ki, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib.
İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,75%-dən 4,25%-ə endirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0,5%-ə endirilib.
Gülnarə Zeynalova
www.oxu.az