Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mərkəzi Bankın müstəqilliyinin artırılması nə vəd edir? - FOTO
Mərkəzi Bankın müstəqilliyi artırılır. Bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanunun əvvəlki variantında hər hansı dövlət hakimiyyəti və ya fiziki, hüquqi şəxslər onun fəaliyyətinə məhdudiyyət qoya və müdaxilə edə bilməzdi. Artıq yeni layihəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq də həyata keçirə bilməz.
Bəs Mərkəzi Bank bundan sonrakı fəaliyyətində nələrə önəm verəcək? Ümumiyyətlə, Mərkəzi Bankın müstəqilliyinin artırılması nə vəd edir?
Bu barədə Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, dünya təcrübəsində Mərkəzi Bankın müstəqilliyi yaxşı nümunədir:
“Mərkəzi Bankların ən böyük xüsusiyyətlərindən biri onun müstəqilliyidir. Dünya ölkələrində bu banklar dövlətə tabe deyil, tam fərqli bir qol kimi fəaliyyət göstərirlər. Xatırlayırsınızsa, ABŞ-də 2018-2020-ci illərdə Mərkəzi Bank prezident Trampın çağırışlarını dinləmir, müstəqillikləri çərçivəsində qərarlar qəbul edirdilər. Hətta prezident faiz dərəcələri ilə bağlı təzyiq etsə də, heç nəyə nail ola bilmirdi. Layihəyə görə, artıq Azərbaycan Mərkəzi Bankı da öz verdiyi qərarlara, aktivlərin üzərindəki sərəncamlara, götürəcəyi borclara, maliyyə bazarlarındakı əməliyyatlara özü cavabdeh olacaq. Bu dünyada çox yaxşı nümunədir və tətbiq edilir”.
Mərkəzi Bankın müstəqilliyinin nə vəd edəcəyi məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bank rəhbərliyi maliyyə və qiymət stabilliyinə çalışırlar:
“Təklif edilən 6.2-ci maddəyə əsasən isə, Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal (Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir) istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil. Mərkəzi Bankın yeni rəhbərliyi ilə görüşlərdə iştirak etdikdə, müşahidə etmişəm ki, bank kapital bazarını inkişaf etdirməyə, iqtisadiyyatda faiz dərəcələrinin rolunu artırmağa, maliyyə və qiymət stabilliyinə çalışır. Nə qədər uğurlu olacaq, bunu zaman göstərəcək”.
İqtisadçı Eyyub Kərimli isə, Oxu.Az-a qeyd edib ki, Mərkəzi Bankın iqtisadi imkanlarının genişləndirilməsi onun inkişafına imkan verəcək:
“Artıq Mərkəzi Bank dövlət siyasətini həyata keçirməyəcək. Qurum maliyyə kredit siyasətinin həyata keçirilməsində müstəqil qərarlar verəcək. Bu da bankın ölkənin maliyyə monetar siyasətini idarə etməsində daha çox beynəlxalq təcrübəni tətbiq etməyə və yararlanmağa imkan verəcək. Həmçinin, Mərkəzi Bank gələcəkdə ölkəyə kreditlər və dünya maliyyə qurumlarından vəsaitlər cəlb edərək öz fəaliyyətini daha da təkmilləşdirə bilər”.
Mütəxəssis bildirir ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın dövlətdən asılılığı azalır:
“Artıq heç bir dövlət orqanı və qurumu Mərkəzi bankın fəaliyyətini yoxlaya bilməz. Bu da Mərkəzi Bankın Maliyyə Nazirliyindən asılılığını aradan qaldırır. Hesab edirəm, gələcəkdə məzənnənin tənzimlənməsində, manatın məzənnəsinin formalaşdırılmasında, işlək bazar mexanizmlərinin tətbiqində Mərkəzi Bankın iqtisadi müstəqilliyi olacaq. Artıq manatın dəyərinin düzgün tənizmlənməsində Mərkəzi Bankın öz rolu olacaq. Bu qanun qurumun ölkənin pul kredit siyasətinin daha da səmərəli qurulmasına, banklar və sığorta şirkətlərinin fəaliyyətinin tənzimlənməsində imkanlarını artıracaq. Həmçinin, ölkədə kredit siyasətinin daha da səmərəli olmasına təsir göstərəcək".
Aygün Əziz
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Hesablama Palatası Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkar edib
- Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı - Materiallar prokurorluqda