Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - nazir qeyd edib.
M. Cabbarov xatırladıb ki, bu ilin yanvar ayında BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlər, o cümlədən "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb: "Qeyd etməliyəm ki, imzalanmış sənəd ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da artırır".
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşmasına əsasən iki ölkə arasında 1 milyard ABŞ dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.
"Məqsədimiz ölkələrarası əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşdırılmasıdır", - M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, Hökumətlərarası Komissiya əməkdaşlıq üçün mühüm platformadır və ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır: "Bu ilin avqust ayında tarixi şəhərimiz Şuşada Komissiyanın 9-cu iclasının uğurla keçirilməsi birgə səylərimizin bariz nümunəsidir. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirməyə sadiqik və bu ortaq məqsədə nail olmaq üçün müştərək fəaliyyətimizi davam etdirəcəyik".
"Şuşa" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfər ediblər