“Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir, sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir”.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin yaradır:
“İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələblərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüdrət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarına da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilatçısı olmağa imkan yaradır”.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının reallaşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq və iqtisadi artım tamamilə yeni keyfiyyət təməlləri üzərində formalaşacaq.
O qeyd edib ki, növbəti beş il həm də işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr olacaq:
“Bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqeyini qoruyub saxlayacaq”.