Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 22 il ötür.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb.
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat: 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi.
Prezidentin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.
Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilib və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.
Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.
1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.
İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.
İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılıb. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.
Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.