Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vurğulayıb.
Nazir Azərbaycanda hazırda fəaliyyət göstərən sənaye parklarından da danışıb:
“Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulub. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.
Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir”.
Bundan əlavə, Ş.Mustafayev qeyd edib ki, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilib və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılıb.