Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılacaq
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər davam etdirilir.
Park üçün ayrılmış ərazidə tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işləri görülüb, inşaat pasportu, dövlət reyestrindən çıxarış və digər zəruri sənədlər alınıb.
Bildirilir ki, hazırda Parkın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri, habelə Parkın infrastrukturunun qurulması məqsədilə baş planının hazırlanması işləri memar şirkəti ilə birlikdə görülür.
İlkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında yaxın müddətdə tikinti işlərinin başlanması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 saylı Fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb.
Qeyd edək ki, Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.
Ülviyyə R.Əli
www.oxu.az