Xəbər verildiyi kimi mart ayının 12-dən Azərbaycanda Viber mesencerinin istifadəsində çətinliklər meydana gəlib.
Anonim qalmasını arzu edən mənbədən aldığımız məlumata görə son zamanlarda Viber-in istifadəsində yerli operatorlara görə problem yaranıb.
Oxu.Az Azərbaycan mobil operatorlarına bu faktın doğru olub-olmamasına açıqlama gətirməsi üçün müraciət edib.
Nar Mobile-ın mətbuat xidmətindən Oxu.Az-a məlumat veriblər ki, yalnız Azərbaycanda deyil, digər ölkələrdə də Novruz qabağı Viber-in istifadəsində problemlər müşahidə edilib.
“Viber-in problemi sahibinin günahı üzündəndir. Nar Mobile-ın buna heç bir aidiyyatı yoxdur”, - Nar Mobile-ın mətbuat xidmətindən deyiblər.
Eləcə də qeyd ediblər ki, hal-hazırda Viber-in işində heç bir problem yoxdur.
Xatırladaq ki, Viber mesencerinin sahibi – Viber Media beynəlxalq şirkətidir, baş ofis Kiprdə yerləşir, Belarusiya Respublikasında və İsraildə isə işlənmə məntəqələri var.
Bakcell şirkətinin nümayəndəsi Süheylə Cəfərova da Viber-in işində yaranan problemlərdə mobil operatorun günahı olduğu xəbərini təkzib edib.
“Yalnız Azərbaycanda deyil, eləcə də digər ölkələrdə son zamanlar mesencerin işləməsindən şikayətlər var idi. Amma bu problemlərə mobil operatorların ələlxüsus da Bakcell şirkətinin heç bir aidiyyatı yoxdur. Və mobil operatorlar maliyyə nöqteyi-nəzərindən Viber mesencerinin işləməsində maraqlı olmadığı barədə söz-söhbət isə əsassızdır”.
Azərbaycanda ən böyük mobil operatorlardan olan Azercell-in nümayəndəsi Günay Məmmədlinin Oxu.Az-a verdiyi məlumata görə Viber-də baş verən problemlərə görə heç bir məsuliyyət daşımır.
“Bu xidmət mobil operatorlar tərəfindən nəzarətdə saxlanılmır, deməli mobil operator yaranan hər hansı bir nasazlığa görə də heç bir məsuliyyət daşımır”.
Gülnarə Zeynalova
www.oxu.az