Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın “Marja”ya istinadən məlumatına görə, Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri mülkiyyət huququ ilə bağlıdır.
Konstitusiyanın 29-cu maddəsinə təklif edilən dəyişikliyə görə, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Hazırda Konstitusiyanın 29-cu maddəsi aşağıdakı kimidir:
Maddə 29. Mülkiyyət huququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Dövlət vərəsəlik hüququna təminat verir. (2)
Qeyd edək ki, Referendum Aktının layihəsi ilə Maddə 29-un V hissəsinin VII hissə hesab edilməsi təklif olunur. Maddəyə V və VI hissələr əlavə edilə bilər.
Əgər Konstitusiya Məhkəməsi müsbət rəy versə, sənəd referenduma çıxarılacaq.