Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 7 994 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
Bu barədə “Report”un yerli bürosuna Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.
Ümumi göstəricinin 2 737-si ilkin, 5 257-si isə təkrar qeydiyyatdır.
Daşınmaz əmlak obyektlərindən 3 131-i fərdi yaşayış evi, 2 888-i torpaq sahəsi, 1 421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.
Əmlakların 3 620-si və yaxud 45,2%-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
Hesabat dövründə 2 612 əmlaka dair texniki pasport hazırlanıb, 3 347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5 959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da bir il əvvələ nisbətən 51,7% çoxdur.
9 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 219 arayış verilib, 3 398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib.
Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb. 42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.