Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı yavaşıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ankarada G20 qrupu ölkələrinin əmək və məşğulluq nazirlərinin toplantısında çıxışı zamanı bildirib.

S.Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir:
“Hazırda Azərbaycan əhalisinin 28,5%-i 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi artım, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir”-deyə, nazir qeyd edib.
Nazir həmçinin Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu bildirib.
“Məhz bu səbəbdən, Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib”-deyə, nazir əlavə edib.
Qeyd edək ki, tədbirin yekunu olaraq G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyanatının imzalanması nəzərdə tutulur.
Ülviyyə R. Əli
www.oxu.az