Bəzi müəssisələrdə rəhbər şəxslər vergidən yayınmaq üçün əmək haqlarını texniki işçi ilə eyni yazdırırlar.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini deyib ki, bu sahədə mövcud problemləri aradan qaldırmaq üçün təmsil etdiyi qurum tərəfindən bir sıra ciddi tədbirlər həyata keçirilir:
“Hazırda ölkə başçısının tapşırığı ilə iş yerlərinin və işçilərin əmək haqlarının rəsmiləşdirilməsi prosesi aparılır. Təkcə ötən il hüquqi vergi pozmaları ilə əlaqədar 519 cinayət işi açılıb. Bu sahədə tədbirlərin görülməsi nəticəsində ötən il vergi borcları 2012-ci illə müqayisədə 9% azalıb. 230 mindən çox vergi borcu olan ödəyicilərin borcları bağlanılıb”.
S.Məmmədxanov qeyd edib ki, vergi yığımı zamanı müxtəlif mexanizmlərdən istifadə olunur:
“Xüsusilə minik avtomobillərinə sərəncam qoyulması geniş vüsət alıb. Bu yolla xeyli sayda dövlət büdcəsinə vəsait daxil olub. Hüquqi şəxslərin vergiyə cəlb olunması ilə bağlı da bir sıra mexanizmlərdən istifadə edilir. Hansısa şirkətdə payı olan hüquqi şəxslərin borclarının müsadirəsi ilə tənzimlənir. Həmçinin dünya praktikasından istifadə edərək sözügedən şəxslərin ölkədən kənara çıxması ilə bağlı da qadağalar da tətbiq olunur”.