Azərbaycanın turizm obyektlərində qiymətlərin aşağı salınması prosesi davam etdiriləcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizə qədər aşağı salınmasına nail olunub, qiymətlər hələ ki müəyyən yerlərdə daha yüksəkdir:
“Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib, istifadəyə verilmiş otellərin böyük əksəriyyəti lüks hotellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar.
Hazırda cənab Prezidentin göstərdiyi istiqamət Azərbaycanda üçulduzlu otellərin tikilməsi, orta təbəqənin imkanlarına uyğun olaraq qiymət siyasətinin tətbiq olunmasıdır və son nəticədə otellərin sayı və onlar arasında rəqabət, sözsüz ki, bu qiymətlərin aşağı düşməsinə şərait yaradacaq”.
Ə.Qarayev, həmçinin deyib ki, bu ilin altı ayının nəticələri onu göstərir ki, xaricdən Azərbaycana gələn turistlərin sayı 10 faizdən çox artıb.