“Xalq kompüteri” layihəsi bu il də davam etdirilir. Artıq layihə çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 300-ə çatıb.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
Xatırladaq ki, “Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.