Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizin ümumi ehtiyatlarının 12-15 faizini təşkil edir.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Xəzərdə nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri aşağıdakı amillərlə izah olunur:
“20-ci əsrin 80-90-cı illərində brakonyerlik nəticəsində nərəcinslilərin həddindən artıq ovlanması, kürü tökülən çaylarda, o cümlədən Kür çayında bəndlərin salınması, həmin illərdə dənizin çirkləndirilməsi və həmin vaxtlarda bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması, nəhayət mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması”.
Nazirlik qeyd edir ki, balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.