Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 may 2014-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 194 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 47 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 42 iş üzrə 44 700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 9 354,88 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 168 iş üzrə 28 902,42 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına isə 12 iş göndərilib.
Gülnarə Zeynalova
www.oxu.az