Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Əhalinin 70 %-i internet istifadəçisidir, 50 %-i isə genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına müraciətində öz əksini tapıb.
Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub:
“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır”.
Ə.Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır:
“Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi Asiya ölkələri arasında 1-ci yeri tutub”.