“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”.
Oxu.Az xəbər verir ki, bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.
O, rayonlarda və kəndlərdə rəqəmsallaşmanı yüksəltmək istədiklərini bildirib:
“Azərbaycanda sahibkarların 99%-i kiçik və orta bizneslə məşğul olurlar. Onlara informasiya texnologiyaları sektorunda işləmək lazımdır.
Agentlik olaraq qadın sahibkarlığının inkişafı üçün tədbirlər həyata keçirmək istəyirik. Pandemiya dövründə Azərbaycanda kiçik və orta sahibkarların 70%-i onlayn aktivliyini artırıb”.
O.Məmmədovun sözlərinə görə, agentliyin keçirdiyi sorğular göstərir ki, sahibkarlar çox zaman mövcud dəstək proqramlarından xəbərsiz olurlar:
“Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşdırma bizim strategiyamızın əsas elementidir”.
Könül Cəfərli