Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Parlamentdə vacib qanun layihəsi müzakirəyə çıxarılır: Qəbul edilsə, çox yaxşı olacaq
“Aqrar sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Komitə sədri qeyd edib ki, qanun layihəsi aprelin 26-da MM-in Aqrar siyasət, həmçinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
“Qeyd edim ki, hələ təxminən 18 il öncə, ikinci çağırış parlament dövründə belə bir qanun qəbul etmişdik. Təəssüf ki, ötən illər ərzində obyektiv və subyektiv səbəblərdən bu qanun işləmədi, aidiyyəti qurumlar bu qanunun işləkliyini, icrasını təmin edə bilmədilər.
Halbuki belə bir qanunun icrası və işləkliyi çox vacib idi, bu, aqrar sektorun, kənd təsərrüfatının inkişafına töhfələr verə, sığorta məsələləri tənzimlənə bilərdi. Lakin dediyim kimi, bunlar olmadı.
Odur ki, Kənd Təsərrüfatı Nazirliyi bu yöndə yeni qanun layihəsi hazırladı və Prezident Administrasiyasının müvafiq şöbəsinə təqdim etdi. Nəticədə aqrar sığorta ilə bağlı yeni qanun layihəsi müzakirələrə təqdim edildi.
Hesab edirəm ki, belə bir qanun layihəsinə, xüsusilə sığorta məsələlərinin çox aktiv şəkildə gündəmə gəldiyi bir dövrdə belə bir sənədin müzakirələrdən keçirilərək, qəbuluna ciddi ehtiyac var.
Sabah - aprelin 26-da bizim komitədə, eləcə də, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu sənəd birinci oxunuşda geniş müzakirələrdən keçirilərək, növbəti plenar iclasın gündəliyinə təqdim, tövsiyə olunacaq.
Bu baxımdan, belə hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi və qəbulu sahibkarlar və fermerlər üçün çox əhəmiyyətli olacaq, bütövlükdə ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verə biləcək”, - deyə E.İbrahimov əlavə edib.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da belə bir qanun layihəsinin onlara daxil olduğunu, həm üzvü olduğu, həm də Arqrar siyasət komitəsində müzakirəyə çıxarılmasının nəzərdə tutulduğunu bildirib.
“Aqrar sığorta haqqında” qanun layihəsi çox ciddi sənəddir. Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar çıxılmaz vəziyyətdə qalırlar.
Onu da deyim ki, məşğul əhalinin 38 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bu baxımdan, hesab edirəm ki, bu qanun qəbul edilsə, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq, onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər”, - deyə V.Əhmədov əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ