Bu gün Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabovun, lüks avtomobillərin aksizlərinin artırılması ilə bağlı təklifi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Oxu.Az xəbər verir ki, ekspert Pərviz Heydərov öz Facebook profilində bildirib ki, ölkəyə idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır. Özü də ən aşağısı 2 dəfədən çox... Belə ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də məhz bununla bağlı nəzərdə tutulur.
Ekspert hesab edir ki, sözügedən istiqamətdə idxal rüsumlarının azı 2 dəfə artırılması təəccüb doğurur.
“Son illər ərzində onsuz da minik avtomobillərinin idxalı azalmışdı. Belə ki, bu ilin geridə qalan 11 ayı ərzində ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkəmizə 82% az avtonəqliyyat vasitələri idxal olunub. Yəni, cəmi 4800-dən bir qədər çox avtonəqliyyat vasitəsi... Ötən ilsə, bu rəqəm 25 min ədəd idi... Odur ki, bu istiqamətdə 94,5 milyon manat az vergi toplanıb.
Çünki ölkədə alıcı qüvvəsi yoxdur. Ümumiyyətlə, hələ bir neçə il öncədən başladılan bu proses bank kreditləşdirilməsinin məhdudlaşdırılması, həmçinin bu sahədə aksiz dərəcələrinin artırılması ilə əlaqədar start götürmüşdü. Və bu, hələ davam etməkdədir.
Odur ki, sual yaranır, əgər, bir istiqamətdə idxalda azalma varsa, vergi dərəcələrini və gömrük rüsumlarını növbəti dəfə artırmaqla, bunu yenidən "buxova" almaq nə məqsəd daşıyır?. Əgər, bunun dövlət büdcəsinə ödənişləri artıracağı düşünülürsə, səhv fikirdir... Yerli istehsalı himayə məqsədi ilə həyata keçirildiyi deyilirsə, yenə yanlış siyasətdir. Himayə olunası o qədər başqa sahələrimiz var ki... Həm də ki, biz, lyuks avtomobil istehsal etmirik axı...
Hesab edirəm ki, xüsusən, idxal olunan minik avtomobillərinə aksiz dərəcəsinin artırılması səhv addımdır. Bu, büdcəyə gəlirləri daha da azaldacaq”.
A.M.