Qazaxıstan Xəzərdə nəhəng neft yatağı olan Kaşaqanda neft hasilatının 2015 və ya 2016-cı ildə bərpasını ehtimal edir.
Oxu.Az “Novosti-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar ertəsi Astanada mətbuat konfransında bəyan edib.
“İndi Kazmunayqaz ilə bərabər şirkətlər fəal işləyirlər, proqram təqdim edilib, iki milyard dollardan çox xərc çəkiləcək, və bu ilin sonu və ya 2016-cı ildə bu nefti əldə etməyə ümid edirik, bu isə gələcəkdə bütün proqramların yerinə yetirilməsinə kömək olacaq”, - prezident deyib.
Nazarbayev vurğulayıb ki, bu gün Qazaxıstanda neft hasilatı “tamamilə yetərincədir” və o, səbirli olmağa çağırıb.
“Gözləmək lazımdır (...). Digər tərəfdən isə (hasilat) belə gecikdikdə hamı narahat olur, mən isə deyirəm ki, bizə bu yetərlidir, qoy gələcək nəsilə daha çox şey çatsın”, - o deyib.
Qeyd edək ki, Kaşaqanda hasilat işə başladıqdan iki həftə sonra qaz sızması səbəbindən keçən ilin sentyabr ayında dayandırılıb.