Avqust ayının 24-ü saat 10:00-da Qəbələdə II Qəbələ mürəbbə festivalı keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, festivalda rayonlar üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan mürəbbə məhsullarının, əl işlərinin sərgisi təşkil olunacaq.
20 rayon iştirak edəcək və hər rayon 8 növ mürəbbə gətirəcək. Festivalda mürəbbələrin 2 nominasiya üzrə müsabiqəsi keçiriləcək. Qaliblər fəxri fərman və pul ilə mükafatlandırılacaqlar.
Festivalın keçirilməsində məqsəd milli mətbəx irsimizin bir hissəsi olan mürəbbələri tanıtmaq və həm xalq yaradıcılığı kimi, həm də milli mətbəx irsimiz kimi toplanmasını və təbliğini təşkil etməkdir. Təşkilatçılar isə Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasıdır. Qaliblərə, həmçinin iştirakçılara AMKA və AMKM diplomları və medalları təqdim olunacaq.
Qeyd edək ki, birinci Qəbələ mürəbbə festivalından fərqli olaraq bu il münsiflər heyətinin işi daha da təkmilləşdirilib. Belə ki, münsiflər heyətinin sayı 13 nəfərə çatdırılıb.