Azərbaycanın İçərişəhər ərazisində dünya əhəmiyyətli abidələrin konservasiya işləri yüksək standartlara uyğun formada həyata keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, görülən işlər nəticəsində Qız Qalası və Şirvanşahlar sarayında yeni muzey ekspedisiyası yaradılıb, bu da İçərişəhərə və həmin muzeylərə gələn insanların sayını artırıb:
“Qız Qalası ekspedisiyası bu ilin əvvəlində açılıb və 3 ay ərzində 35 mindən çox ziyarətçi qəbul edib. Bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 3 qat artıqdır. Bu da onu göstərir ki, insanların tarixi abidələrə marağı çox böyükdür. İnsanlar abidə ilə tanış olmaqla yanaşı, onun tarixi, təyinatı, mövcud əfsanələrlə də tanış olmaq istəyirlər. Ən maraqlı fakt odur ki, həmin ziyarətçilərin böyük əksəriyyəti məktəbli uşaqlar və tələbələrdir. Bu da o deməkdir ki, gənclər bizim tariximizlə maraqlanır və bizdə onları bununla təmin etməliyik”.