Pərviz Heydərov yazır...
ABŞ-ın Rusiyadan enerjidaşıyıcıları idxalına son qoyması sanksiyalar silsiləsində anti-Rusiya təmsilçilərinin ən çox tələb etdikləri və gözlədikləri addım idi. Çünki Rusiyanın əsas gəlir mənbəyi bundandır. Yəni, xam neft, neft məhsulları, qaz və kömür satışından...
Odur ki, bu məhsullar üzrə Moskvaya qarşı müvafiq məhdudiyyətlər tətbiq etmədən Qərbin öz istədiyinə nail olması müşkül görünürdü.
Amma burada da bir nüans var. O da bundan ibarətdir ki, Rusiyadan enerjidaşıyıcıları idxalına son qoyulması dünya bazarlarında qiymətləri bir az da bahalaşdıracaqsa o zaman bunun istənilən nəticə verməsi uzanacaq. Ola bilsin, əks nəticələr də orta çıxaracaq və yaxud da ki, çıxara bilər.
Ona görə də Qərb həm də istəyir ki, qiymətlər aşağı düşsün. Belə ki, enerjidaşıyıcıların baha olması heç bir ölkəyə və ümumən dünya iqtisadiyyatına səmərə gətirmir. ABŞ-ın özündə benzin son günlər bir neçə dəfə bahalaşıb. Bu, avtomobil sənayesi üçün yaxşı deyil. O cümlədən, digər sənaye sahələri üçün də... Söhbət, zəncirvari reaksiyadan və təsirlərdən gedir.
Yeri gəlmişkən, Qərb indiyədək Rusiya iqtisadiyyatını çökdürmək və bu ölkənin dövlət gəlirlərini azaltmaq üçün demək olar heç vaxt idxala məhdudiyyət siyasəti qoymayıb. İstəyinə yalnız, dünya bazarlarında qiymətləri kəskin aşağı salmaqla nail olub. Hazırda atdığı atdımsa bunun əksini yaratmaq iqtidarındadır.
Əldə olunan xəbərlərdən biri də bundan ibarətdir ki, Ağ Ev administrasiyası Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyini dilə tutub ki, Moskvadan enerjidaşıyıcılarının satışının izolə edilməsi fonunda qiymətləri sabit saxlamaq üçün bazara əlavə həcmlər çıxartsınlar.
ABŞ bununla da dünyanın bilavasitə neft ehtiyatlarının 2/3 hissəsinə nəzarət edən ölkələrin 2016-cı ilin təxminən ikinci yarısında yaratdıqları OPEC+ birliyini bir növ parçalamağa cəhd edib.
Xatırladım ki, neftin dünya bazar qiymətlərini 2016-cı ildən sonra sabit saxlayan bu ölkələrdir. Başqa sözlə, ABŞ-ın neftin qiyməti üzərində hökmü məhz qeyd olunan dövrdən etibarən bitdi. Həmin vaxtadək Vaşinqton Ər-Riyadla razılığa gələrək istədiyi vaxt bazarda tələb ilə təklifi idarə edə bilirdi.
Yəni, ABŞ bacarsaydı Rusiya hələ Ukraynaya müdaxilə etmədən öncə qiymətləri aşağı salardı. Və indi neftin 1 barelinin qiyməti bəlkə də 20 dollar civarında olardı.
Ancaq real vəziyyət odur ki, Vaşinqton Rusiyadan enerjidaşıyıcılarının idxalına məhdudiyyət tətbiq etməsi fonunda belə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyini ixraclarını artırmaları barədə razılığa gətirə bilməyib.
Sual olunur, niyə?
Məsələ bundadır ki, dünya iqtisadiyyatında diktə edən tərəflərin sayı çoxalıb, çünki maraqlar arasında ziddiyyətlər dərinləşib. Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyi özləri ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasətdən narazıdırlar.
Odur ki, bu ölkələr neftin bahalaşmasında bir növ maraqlıdırlar. Çünki onlar da bu üsulla Vaşinqtona qarşı etiraz edir və mübarizə aparırlar. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb dövlətləri koalisiyasının tutduğu mövqeyi xatırlamaq kifayətdir.
Həmin ildə OPEC iştirakçıları ABŞ-a və Qərbi Avropa ölkələrinə neft satışına embarqo tətbiq etdiklərindən qiymətlər qalxdı. Və 1973-cü ilin oktyabrından 1974-cü ilin martına qədər olan dövr yanacaq böhranı yarandığından bu vəziyyət Amerikada avtomobil sənayesini vurdu...
Yapon avtomobillərinin satışı isə artdı.
Beynəlxalq Enerji Agentliyi (BEA) də məhz bundan sonra - 1974-cü ildə yaradıldı. ABŞ ilə Qərbi Avropa ölkələri tərəfindən yaradılan bu qurum guya OPEC-ə qarşı nəzərdə tutulmuşdu.
Ancaq heç bir zaman OPEC qədər neftin dünya bazar qiymətlərinə təsir edə bilməyib. Elə son hadisələr fonunda da adıçəkilən qurum ehtiyatlarını satışa çıxardığını elan etsə də qiymətlərin enməsi və sair baş vermədi.
Demək istədiyim budur ki, qlobal iqtisadiyyat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda birinciyə qarşı tətbiq olunmaqda davam edən sanksiyalar nəticəsində getdikcə daha çox uçuruma gedir. Enerji resurslarının bahalaşması qarşısını almaq mümkün olmayacaq. Bu isə qlobal istehsalı dalana dirəyəcək.