Ənənəvi olaraq təşkil edilən “Bakutel” sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.
Oxu.Az xəbər verir ki, bu sözləri sərginin açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə bildirib.
R.Quluzadə ötən 21 il ərzində “Bakutel” sərgisinin informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq etdiyini qeyd edib.
“İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib.
Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib”.
Nazirin birinci müavini “Bakutel” sərgi-konfransının yüksək səviyyədə keçiriləcəyi və regionda İKT-nin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular.
Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az