“Lukoyl” şirkətinin Rumıniyanın Ploeşti şəhərindəki neft emalı zavodu işini davam etdirir, zavoda həbs qoyulmayıb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya şirkətinin Rumıniyadakı törəməsi olan “Petrotel Lukoil”un rəhbərliyindəki mənbə deyib.
“Hər şey qaydasındadır, biz plan üzrə işləyirik”, - o deyib.
Onun sözlərinə görə, şirkətin aktivləri və əmlakına həbs qoyulmayıb.
12:33
Rumıniya məhkəməsi, prokurorluğun irəli sürdüyü iddia ilə əlaqədar “Lukoyl” şirkətinin hesablarına həbs qoyub. Həbs edilmiş aktivlər ümumilikdə 2 milyard avro məbləğində dəyərləndirilir. Oxu.Az BBC-yə istinadən xəbər verir.
Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, həbs pulların yuyulması və vergilərin ödənməsindən yayınma ilə əlaqədardır.
2014-cü ildə Rumıniyanın Ploeşti şəhərində Neft emalı zavodunda axtarış aparılıb və mühasibatlığın sənədləri müsadirə edilib.
İstintaq əməliyyatları “Lukoyl”a mənsub 23 ofisdə aparılıb. Axtarışlar pulların yuyulması və vergilərin ödənməsindən yayınmaya dair cinayət işi çərçivəsində aparılıb. Bu qanun pozuntuları nəticəsində Rumıniyaya 230 milyon avro dəyərində ziyan vurulub.
Söhbət əsasən, Petrotel-LUKOIL, Lukoil Energy & Gas Romania, LUKOIL Lubricants East Europe, Agentia Lukom-A-Romania və TP Log Exped Services şirkətlərindən gedir.