İndiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan və Rusiya arasında keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən il iki dövlət arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin 10 ayında isə 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 milyard ABŞ dolları təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var”.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib ki, iki ölkə arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır:
“Altıncı yol xəritəsi olacaq. Bundan əvvəlki beş yol xəritələri üzrə işlər davam etdirilir. Ötən il ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunub”.
O qeyd edib ki, yaxın zamanda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq:
“Sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir”.
İclasda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz regionunda əsas ticari tərəfdaşıdır:
“Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticari əlaqələrinin 45 faizi Azərbaycanın payına düşür”.
İclasın sonunda iki ölkə arasında sənədlər imzalanıb.
İlhamə Əbülfət