Son illərdə qəbul edilən qərarlar strateji xarakter daşıyır və sahibkarlığın inkişafında köklü dəyişikliklərlə xarakterizə olunan yeni dövrün başlanğıcı hesab edilir.
Oxu.Az-ın məlumatına görə, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunan tədbirdə bildirib.
Nazir qeyd edib ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft 2,8 dəfə, sənaye 2,6 dəfə, qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb:
“Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir.
Ümumi investisiyanın 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib, iki milyondan çox yeni iş yeri açılıb. 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb”.
“Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib. Özəl sektorda əməkhaqqından gəlir vergisinin yükü azaldılıb. Sadələşdirilmiş verginin dərəcəsi aşağı salınıb, innovasiya fəaliyyəti üzrə startaplar gəlir və ya mənfəət vergisindən üç il müddətinə, mikrosahibkarlar mənfəət və ya gəlir vergisinin 75 faizindən, KOB-klaster şirkətləri yeddi il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, idxal etdiyi avadanlıqlara görə ƏDV-dən azad edilib.
Gömrük prosedurlarının daha da sadələşdirilməsi, şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli işgüzar mühitin yaradılması və xarici ticarət əməliyyatlarının stimullaşdırılması məqsədilə elektron bəyanetmə və “Yaşıl Dəhliz” sistemlərinin tətbiqinə başlanılıb.
Eyni zamanda, Qanunvericiliyə edilmiş digər dəyişikliklərə əsasən, üç milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların satın alınmasının yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilməsi, subpodratçılar cəlb olunduqda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrasının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunması təsbit edilib”, - deyə Şahin Mustafayev vurğulayıb.
İlhamə Əbülfət