Enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 5,3%, o cümlədən qeyri-neft sektoru 7% artmışdır.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında bildirib.
“Azərbaycanın iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malikdir.
Görülən işlər nəticəsində qeyr-neft iqtisadiyyatı son 10 ildə 2,5 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37%-dən 68%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir”, nazir bildirib.
Onun sözlərinə görə, ən mühüm amillərdən biri müasir tələblərə cavab verən infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdir. “Həyata keçirilən infrastruktur layihələr iqtisadiyyatın səmərəli inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə öz əhəmiyyətli töhvəsini verir”, - Şahin Mustafayev qeyd edib.
Ülviyyə R. Əli