2013-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9%) çox icra olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi altında keçirilən iclasında çıxışı zamanı məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4% yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% (1 milyard 391 milyon manat) çox olub.
S.Şərifov bildirib ki, dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4% və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8% çox icra edilib. Sosial yönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib:
“Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7% və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılıb”.