Komtec (Ödəmə sistemlərinin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) şirkəti MilliÖN ödəmə terminallarının saxta pullardan müdafiəsini gücləndirir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, söhbət əsginaz qəbuledicisinin proqram təminatının yenilənməsindən və bütün ödəmə sistemlərini dələduzlardan qorumaq üçün müdafiənin gücləndirilməsindən gedir.
“Şirkət daima qəlp banknotlardan istifadənin qarşısını almaq üçün iş aparır. Yeni müdafiə funksiyaları qəlp pulları dəqiqliklə seçməyə imkan verərək MilliÖN terminallarında istifadəsinin qarşısını alır” – şirkətdən bildiriblər.
Hal-hazırda MilliÖN ödəmə terminallarının ümumi sayı üç min ədədə çatıb. İlin sonuna qədər onların sayı altı minə çatacaq. Terminallar kommunal xərclərin, stasionar və mobil telefon, internet, kabel televiziyası və s. xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulub.
Terminalların qəlp pullardan qorunma məsələsinə Modernis MMC (eManat ödəmə terminallarının quraşdırılması və servis dəstəyi mərkəzi) rəy bildirib.
Şirkətdən bildiriblər ki, məsələnin həlli üçün eManat ödəmə terminallarında tətbiq edilən yöntəm bu gün üçün məlum olan istənilən qəlp pullardan istifadədən müdafiə olunmağa imkan verir.
“Sistem müntəzəm olaraq yenilənir və qəlp banknotları aşkar etmək üçün aktual alqoritmlərlə təmin edilir” – şirkətdən deyilib.
Hal-hazırda respublikada 1070 eManat terminalı mövcuddur. İlin sonuna qədər onların sayı 1700-ə çatacaq.