Son aylar hökm sürən isti hava və quraqlıq ölkənin ən iri taxılçılıq rayonu olan Şəkidə əkilən taxılın tam yarısının tamamilə məhvinə səbəb olub. Fermerlərlə bərabər rəsmilər də həyəcan təbili çalır.
Oxu.Az ANS-TV-yə istinadən xəbər verir ki, respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə ötən il 220 min ton taxıl istehsal olunsa da bu il rəqəm 73 min tondur.
Fermerlər bildirir ki, qış aylarında yağıntının az olması, yayda isə hökm sürən quraqlıq strateji məhsul olan taxıl sahələrinin əksəriyyətinin tamamilə yanaraq, məhv olmasına gətirib çıxarıb. Sahələrdə məhsuldarlıq çox az olub, bir çox sahələrə isə ümumiyyətlə, kombayn girməyib, biçilməmiş qalıb.
Quraqlıq nəticəsində rayonun əsasən dəmyə ərazilərində 30 min hektara yaxın taxıl sahəsi tamamilə məhv olub. Bu da rayonda əkilən taxılın tam yarısı həcmindədir.
Bu ilin əlverişsiz hava şəraitilə bağlı ümumiyyətlə, kənd təsərrüfatı üçün uğursuz olduğunu deyən Kənd təsərrüfat idarəsinin rəsmisi Nurəddin İbrahimov ən acınacaqlı vəziyyətin taxılla bağlı olduğunu təsdiqlədi.
Nurəddin İbrahimov bildirdi ki, sahələrin 8500 hektarı quraqlıq səbəbindən tamamilə məhv olub:
“Bu rəqəm çoxdur. Doğrudur, biz yalnız yerli icra hakimiyyətlərinin müraciətləri əsasında yerlərə mütəxəssis göndəririk, amma mən açıq deyim ki, bəzi icra nümayəndələrinin gözü qarşısında sahə məhv olur, amma o, bunu deməkdə maraqlı deyil”.
Qeyd edək ki, Şəkidə istehsal olunan taxıl rayonun tələbatını tam ödəməklə yanaşı, ümumrespublika istehsalının 15 faizini təşkil edib.