May ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 92,5 mindən çox olub.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin may ayında 92,614 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Bunların 19 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,73%, sığorta haqlarının məbləğində 5,95% azalma müşahidə edilib.
Cari ilin may ayında orta sığorta haqqı 70,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,65 (bir manat altmış beş qəpik) azdır.
Həmçinin, may ayı ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,8 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
2014-cü ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,454 sığorta tələbi üzrə 1,895,428 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
2014-cü ilin may ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,223 manat təşkil edib.
Cari ilin may ayında İcabri Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 19,500 (on doqquz min beş yüz) manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az