Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta şirkətlərinə xəbərdarlıq edib.
Sığorta bazarında ödənişlərin yığımlar ilə müqayisədə sürətlə artmasının müsbət tərəfləri ilə bərabər, mənfi tərəfləri də var. Zərərliliyin qarşısını almaq üçün xərclər azaldılmalıdır. Xərclərin azaldılmasının əsas yolu da işlərin avtomatlaşdırılmasıdır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov jurnalistlər ilə keçirdiyi görüşdə deyib.
“Yığımların artması Azərbaycandakı sığortaçıları yeni texnologiyalardan istifadə etməyə məcbur edir. Bunun geci-tezi var. Xərclər artdığından sığortaçılar tezliklə avtomatlaşdırılmış sistemə keçməlidirlər. Məsələn, inkişaf etmiş ölkələrdə sizin kiməsə tapşırdığınız işi sistem 10 saniyəyə görür. Azərbaycanın əksər sığorta şirkətlərində avtomatlaşdırılmış sistem olmadığından, bütün sorğuları, məlumatları insanlar işləyir və hesablayır”, - ASA-nın sədri bildirib.