Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 mlrd. dollar olub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə SOFAZ-ın illik hesabatında yer alan məlumatda bildirilir.
Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36%-i yığıma yönəlib.
Ötən il SOFAZ-a daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub ki, ondan 9,5%-i yığıma yönəlib.
Bundan başqa, 2012-ci ildə fonda daxil olan vəsaitlərin həcmi 17 mlrd. 405,4 mln. təşkil edib ki, ondan 24,9%-i yığıma yönəlib.
Hesabatda bildirilir ki, 2003-2013 illərdə SOFAZ-dan dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib.
Ötən ilin sonuna SOFAZ-ın aktivləri 5,12% artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90%-i yüksək gəlirli qiymətli kağızların payına düşür.
Ötən il SOFAZ-ın investisiya portfelinin gəlirliliyi 1,77% təşkil etdiyi halda, son 7 ildə portfelin orta gəlirliliyi 2,46%-ə bərabər olub.