İqtisadiyyat və Sənaye Nazirliyi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Oxu.Az-a Nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, artıq Sumqayıt Kimya Sənaye Parkının yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatdırılıb. Belə ki, parkboyu ümumi uzunluğu 13,5 km yağış suyu, 10,8 km içməli su, 8 km texniki su, 20,6 km yanğına qarşı su, 11,7 km məişət tullantı suları, 9,3 km kimyəvi tullantı suları xətləri çəkilib.
“Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında da kommunikasiya xətləri qalereyalar vasitəsi ilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalereyaların ümumi uzunluğu 10,3 km təşkil edir. Artıq yeraltı texniki qalereyanın daxilində elektrik və su xətlərinin çəkilişinə başlanılıb və işlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Məlum olduğu kimi, hər bir sənaye layihəsi üzrə investisiya qoyuluşunun böyük hissəsi (təxminən 35-40%-i) infrastruktur şəbəkəsinin yaradılmasına sərf olunur. Sumqayıt Kimya Sənaye Parkında isə texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq “birbaşa qoşulma” (“plug&play”) sistemi əsasında təqdim ediləcəkdir” - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda qeyri-neft sektorunun ən iri layihələrindən biridir.