Məlumat verildiyi kimi, Tarif (qiymət) Şurasının dekabrın 2-də keçirilmiş iclasında bir sıra qərarlar qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu qərarlar, eləcə də onların iqtisadiyyata təsiri barədə sualları Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov cavablandırır.
- Tarif (qiymət) Şurasının iclasında neft məhsullarının topdan və pərakəndə satış qiymətlərində də dəyişiklik edilmişdir. Bu dəyişikliyi zəruri edən səbəblər hansılardır?
- Ümumi istehlakda payı çox az olan Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzinlərinin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur.
Əvvəla qeyd edim ki, hazırda neft məhsulları üzrə mövcud tariflər nəinki Avropa, hətta əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Tarif artımından sonra da benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Rusiyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir.
Məlumat üçün bildirim ki, neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilmişdir. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə minik avtomoillərinin sayı 617 mindən 959 minədək artmışdır. Son 7 ildə avtomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, orta aylıq əməkhaqqı isə 215,8 manatdan 417 manatadək, Ümumi Daxili Məhsulun bir nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlmişdir.
- Neft məhsulları üzrə tarif dəyişikliyinin nəqliyyat sektoruna təsiri necə olacaqdır?
- Tarif dəyişikliyinin ictimai nəqliyyata təsiri də çox azdır. Belə ki, ictimai nəqliyyatda yanacaq xərcinin ümumi gəlirlərdə xüsusi çəkisi təqribən 20% təşkil edir və tarif artımından sonra bu göstərici 26,5% olacaqdır. Həmçinin taksi üzrə gediş haqqında yanacaq xərcinin payı 3% artacaqdır və bu artımlar sahənin rentabelliyi hesabına kompensasiya edilə bilər.
Bununla yanaşı, neft məhsulları üzrə tarif tənzimlənməsi yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıra bilər və bu ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə neft məhsullarının aksiz dərəcələrinə dəyişiklik edilmiş və tarif artımından yaranan əlavə vəsaitin əsas hissəsi vergi şəklində büdcəyə daxil olacaqdır.
Digər tərəfdən hər il dövlət büdcəsindən sosial yönümlü xərclərin artırılmasına və yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni yolların salınması, şəhər, qəsəbə və kəndlərdə yolların abadlaşdırılması üçün böyük vəsaitlər ayrılır.
Bütün bunlar da - yəni yolların yaxşı vəziyyətdə olması, kiçik həcmli avtomobillərin sayının artması, tıxacların azalması ictimai nəqliyyatda yanacaq sərfiyyatını azaldan amillərdir.
- Tarif (qiymət) Şurasının qərarı iclasın keçirildiyi gün - dekabrın 2-də açıqlandı. Axı, neft məhsullarının yeni tarifləri dekabrın 3-dən etibarən tətbiq ediləcəkdir.
- Tarif (qiymət) Şurasının neft məhsullarının tarif dəyişikliyinə dair qəbul etdiyi qərarın əvvəlcədən açıqlanmaması baş verə biləcək sui-istifadə hallarının qarşısının alınması məqsədini daşıyır. Şuranın rabitə xidmətləri ilə bağlı qəbul etdiyi yeni tariflər isə 1 yanvar 2014-cü il tarixdən tətbiq ediləcəkdir.