Qəbələdə yeni istifadəyə verilmiş “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilk qonaqlarını artıq qəbul etməyə başladı.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində göstərilən xidmətlərin qiymətləri artıq məlum oldu.
Yarım günlük (09:00 – 13:00 və ya 13:00 – 17:00) xizək kirayələnməsi 14 manat, bütün günlük isə (09:00 -17:00) - 20 manat təşkil edir. Bu qiymətə xizəklə yanaşı xüsusi ayaqqabı da daxildir.
Xizək yoluna daxil olmaq üçün yarımgünlük (09:00 – 13:00 və ya 13:00 – 17:00) 10 manat, bütün günlük isə - 15 manat ödəniş etmək lazımdır.
Xizək kirayələnməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
Bütün kanat yollarından istifadə 6 yaşından kiçik uşaqlar üçün pulsuzdur.
Qeyd edək ki, turizm şirkətlərindən biri cəmi 31 manata Qəbələdə yerləşən bu kompleksə tur təşkil edir.
Şübhə yoxdur ki, “Tufan” da məşhur Qusardakı “Şahdağ” kompleksi kimi, qısa zamanda turistlərin və istirahət edənlərin sırasında öz layiqli yerini tutacaq.
Xatırladaq ki, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin 3 yanvar 2014-cü tarixində Azərbaycan Prezidenti İlham Əliyev iştirakı ilə açılışı olub.