Türkiyə və Rusiya arasında “Türk Axını” layihəsi üzrə danışıqlarda irəliləyiş olmadığından müzakirələr dondurulub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin katibinin müavini Səfa Sadıq Aytəkin bildirib.

O, həmçinin iyun seçkilərindən sonra Türkiyədə hökumətin qurula bilməməsinin də danışıqların dondurulmasının səbəblərindən biri kimi qeyd edib.
“Təkrar qeyd edirəm ki, tərəflər masa arxasından qalxmayıb, sadəcə müzakirələr dondurulub” - deyə, o əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da yeni hökumət heyətinin formalaşmasına qədər Türkiyə tərəfindən “Türk axını” qaz kəmərinin tikinti layihəsi üzrə hökumətlərarası razılaşmanın imzalanmasını gözləmədiyini qeyd etmişdi.
“Biz sabah belə danışıqları davam etməyə və hökumətlərarası sazişə düzəlişlərin edilməsinə hazırıq, amma mənim fikrimcə çətin ki, onlar seçkilərə və yeni hökumətin heyətinin təyininə qədər bunu edə biləcəklər"- deyə, Novak demişdi.
Ülviyyə R. Əli
www.oxu.az