Enerji tədarükündə Rusiyadan asılılığını azaltmağa çalışan Avropa İttifaqı 2019-cu ildə Türkmənistandan təbii qaz alınmasına başlamağa ümid edir, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç bildirib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
“Bizim yaxşı qarşılıqlı anlaşmamız var. Türkmənistan üçün öz ixracatını, Avropa İttifaqı üçün isə idxalı şaxələndirmək çox vacibdir”, - deyə, Şevçoviç bildirib.
“Avropa türkmən qazının tədarükünün 2019-cu ildə başlayacağına ümid edirik”, - deyə, o, bildirib.
Avropa Komissiyasının vitse-prezidenti Aşqabadda Azərbaycanın energetika naziri Natiq Əliyev, Türkiyənin energetika naziri Taner Yıldız, Türkmənistanın baş nazirinin müavini Baymurad Xocamuhammedov və Türkmənistan karbohidrogen ehtiyatları agentliyinin başçısı Yaqşıqeldı Kakayevlə görüşüb.
“Biz Transxəzər qaz kəmərinə aid bütün aspektləri müzakirə etdik, - deyə, Şevçoviç bildirib. – Biz strateji istiqamətdə böyük addım atdıq”.
Ötən il Türkmənistan və Türkiyə Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağından qazın Avropaya nəqlinin nəzərdə tutan Transanadolu layihəsi çərçivəsində qazın tədarükü barədə çərçivə saziş imzalayıblar.
TANAP Türkiyə-Gürcüstan sərhədindən Bolqarıstan və Yunanıstanla sərhədədək çəkiləcək. Onun tikintisini 2018-ci ilin sonuna başa çatdırmaq planlaşdırılır. 2019-cu ildə kəmərlə “Şahdəniz-2” yatağından Azərbaycan qazı tədarük olunmalıdır.
“2019 və 2020-ci illər arasında Azərbaycandan Avropaya – Yunanıstan, Albaniya və İtaliya istiqamətində boru kəmərləri çəkilməlidir”, - deyə, Şevçoviç bildirib.