Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı” işlənib hazırlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib.
Oxu.Az xəbər verir ki, ƏMDK-dən verilən məlumata görə, standarta əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib.
Eyni zamanda, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib.
Təsdiq edilmiş Dövlət Standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib.
Ünvan lövhələrinin hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər standartda əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə məlumatlandırılması qeyd edilib.
Daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələnməsinə dair mətn nümunələri, həmçinin nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri də standartda öz əksini tapıb.
Dövlət Standartı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Gülnarə Zeynalova
www.oxu.az