Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vaxtı keçmiş kreditlər ilə bağlı – STATİSTİKA
2014-cü ilin may ayında həcmi 905 milyon manata çatmış vaxtı ötmüş kreditlər, iyunda 27,4 milyon manat azalıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, iyun ayının sonuna kredit təşkilatlarının 16 milyard 755 milyon manatlıq kredit qoyuluşlarının 877,6 milyon manatını ödəmə vaxtı keçmiş kreditlər təşkil edib.
İyunda ödəmə vaxtı keçmiş kreditlərin azalmasının əsas səbəbi milli valyutada verilmiş qısamüddətli kreditlərdə ödəmə vaxtı keçmiş kreditlərin həcminin 37 milyon manat azalması olub. Əksinə, iyunda milli valyutada verilmiş uzunmüddətli kreditlər üzrə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 15,2 milyon manat artıb.
Bu ilin yanvar-iyun aylarında milli valyutada verilmiş qısamüddətli kreditlərdə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 2,5 milyon manat, milli valyutada verilmiş uzunmüddətli kreditlər üzrə isə 49,1 milyon manat artıb.
Ötəmə vaxtı keçmiş kreditlər cəmi kredit qoyuluşlarının 5,2%-nə bərabərdir.
Milli valyutada verilmiş 12 milyard 228 milyon manat kreditin 695,4 milyon manatının (5,7 faizinin), xarici valyutada verilmiş 4 milyard 526 milyon kreditin isə 182.2 milyonunun (4 faizinin) ödəmə vaxtı keçib.
Problemli kreditlər baxımından ən pis vəziyyətdə olan manatla verilmiş qısamüddətli kreditlərdir. Belə ki, milli valyutada verilmiş 2 milyard 324 milyon manat qısamüddətli kreditin 297,2 milyon manatının və ya 12,7 faizinin ödəmə vaxtı kemişdir. Mayda bu göstərici 334,3 milyon manat və ya 14,4% idi. Xarici valyutada verilmiş 1 milyard 206 milyon qısamüddətli kreditin isə 81,5 milyonunun və ya 6,7 faizinin ödmə vaxtı keçib.
İyun ayının sonuna olan məlumata görə, milli valyutada verilmiş 9 milyard 904 milyon manat uzunmüddətli kreditlərin 398,2 milyon manatının və ya 4%-nin, xarici valyutada verilmiş 3 milyard 320 milyon uzunmüddətli kreditin isə 100,7 milyonunun və ya 3%-nin ödəmə vaxtı keçib.
Mərkəzi Bankın statistik məlumatlarından məlum olur ki, bankların kredit qoyuluşları əsasən milli valyutada verilən uzunmüddətli kreditlər hesabına artır. Belə ki, bu ilin birinci yarısında bu növ kreditlər 1 milyard 96 milyon manat artaraq 8 milyard 828 milyon manatdan 9 milyard 904 milyon manata yüksəlib. Eyni dövrdə, banklarda qısamüddətli kreditlər isə cüzi – 12,2 milyon manat artaraq 2 milyard 312 milyon manatdan 2 milyard 324 milyon manata yüksəlib. 2013-cü ilin əvvəli ilə müqayisədə isə milli valyutada verilən qısamüddətli kreditlər 286 milyon manat azalıb. Ötən il bu kreditlərdə azalma 313,5 milyon manat olub.
Bu ilin birinci yarısında xarici valyutada verilmiş qısamüddətli kreditlər 150 milyon artaraq 1 milyard 56 milyondan 1 milyard 206 milyona yüksəlib. Xarici valyutada verilmiş uzunmüddətli kreditlər isə 32 milyon artaraq 3 milyard 288 milyondan 3 milyard 320 milyona çıxıb.
Qeyd edək ki, qısamüddətli kredit borcalana 7 gündən -12 ayadək verilən borcdur. Bu növ kreditlərin mənfi cəhəti faizlərinin yüksək olmasıdır.