Bank sektorunda iki fərqli göstərici üzrə borcların həcmi yüksəlib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 754.3 milyon manat təşkil edib. Bu, sentyabrın əvvəli ilə müqayisədə 4.5 faiz, ilin əvvəlinə nisbətən 43.8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42.8 faiz çoxdur.
Vaxtı keçmiş kreditlərin iqtisadiyyata ümumi kredit qoyuluşunda xüsusi çəkisi 2.1 faiz olub. Bu göstərici avqustun sonunda da 2.1 faiz təşkil edib. Ötən ilin sonunda həmin nisbət 1.6 faiz, 2025-ci ilin sentyabrının sonunda isə 1.7 faiz olub.
Bank sektorunun qeyri-işlək kreditləri üzrə statistika isə fərqli mənzərə ortaya qoyur. Sentyabrın sonunda bu kateqoriyaya aid kreditlərin həcmi 915.5 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə göstərici 797.6 milyon manat olub. Beləliklə, qeyri-işlək kreditlər son bir ildə 117.9 milyon manat və ya 14.8 faiz artıb.
2025-ci ilin sonunda bankların qeyri-işlək kreditləri 762.6 milyon manat təşkil edib. Bu isə cari ilin ilk doqquz ayında 152.9 milyon manatlıq və ya 20 faizlik artım deməkdir.
Bununla belə, sentyabrda qeyri-işlək kreditlərin həcmi avqustla müqayisədə 31.3 milyon manat və ya 3.3 faiz azalıb. Avqustun sonunda bu göstərici 946.8 milyon manat olub.
Qeyri-işlək kreditlərin 503.4 milyon manatı biznes kreditlərinin, 371 milyon manatı istehlak kreditlərinin, 41.1 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
Sentyabrın sonunda qeyri-işlək kreditlərin bankların ümumi kredit portfelində xüsusi çəkisi 2.7 faiz təşkil edib. Avqustda bu nisbət 2.9 faiz olub.
Abbas Mirzəyev