2018-ci ilin ötən 10 ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1%-i dövlət, 74,9%-i isə qeyri-dövlət sektorunun payına düşüb.
Vergilər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, yanvar-oktyabr aylarında qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi 4 milyard 63,1 milyon manat təşkil edib.
Qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsaitlərin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.
“Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur.
Aparılan vergi siyasəti ona hesablanıb ki, həm də əlavə mənbələr hesabına vergi bazası genişləndirilsin, vergi daxilolmalarının həcmi artırılsın. Hazırda vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və nəticədə onların gəlirlərinin artmasından ibarətdir.
Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azadolmalar, eləcə də, dövlətin verdiyi digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır”, - deyə məlumatda vurğulanıb.